Teatr-dekorasiya sənəti

“Hadisələrin baş verdiyi məkanı təsvir etmək… mənasızdır.
…“Otello”da Venesiya və Kipri təsvir etməyə dəyməz.

Senatın iclası gedən zalı təsvir də etmək mənasızdır.
… Fokus başqadır, hadisələrin məğzini, mahiyyətini tapmaq”

Anatoli Efros

Azərbaycanda teatr-dekorasiya sənətinin formalaşması və inkişafı, təbii ki, birbaşa teatrımızın tarixi ilə bağlıdır. Azərbaycan teatrının yaranma tarixi rəsmən Bakıda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri-xani Lənkəran” tamaşasının ilk nümayiş oldunduğu gün, yəni 1873-cü il martın 10-u qəbul edilib. Həmin tarixdən üzü bəri gəldikcə, hazırda fəaliyyət göstərən teatrların hər birinin ayrı-ayrılıqda verdiyi “töhfələr” sayəsində formalaşmış müasir dayanıqlı sistemin yaranmasına qədər peşəkar teatrımızın keşməkeşli inkişafı yolunda hələ çox əlamətdar tarixlər olacaqdır. Əlbəttə ki, söhbət ilk növbədə Azərbaycan Dövlət Akademik Milli Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı kimi möhtəşəm incəsənət məbədlərindən gedir. Вütün bu təşəkkülün təməlində isə “Birinci müsəlman dram truppası”, “Artistlər İttifaqı”, “Nicat” Cəmiyyəti nəzdindəki dram truppası, “Müsəlman Teatr Artistlərinin Yoldaşlıq Cəmiyyəti” və bir sıra başqa müxtəlif teatr kollektivlərinin fəaliyyəti dayanır.

Aslanov Elçin Muxtar oğlu. R. Qliyerin “Şahsənəm” operasına eskiz.
Kağız, quaş, tempera. 25×33 sm

XIX əsrin sonlarında, hələ birinci kövrək addımlarını atan teatrımızın ilk tamaşaları üçün ölkə xaricindən şablon dekorasiyalar gətirilir, artistlərin səhnə paltarları isə adətən, tanış-bilişin teatra verdiyi bəxşiş paltarlarından ibarət olurdu. Azərbaycan teatrında peşəkar səhnə quruluşunun ilk addımları Bəhruz Kəngərli və Əzim Əzimzadə tərəfindən atılmışdır. Lakin vurğulamaq lazımdır ki, onların yaratdığı geyim və dekorasiyalar əsasən milli-etnoqrafik xarakterli olurdu. Ona görə də Azərbaycan teatrının vahid canlı orqanizm kimi inkişaf tarixindən söhbət aparmaq üçün 1920-ci ildən, yəni bütün teatr truppalarının rəsmi qərar əsasında ümumxalq mülkiyyətinə çevrildiyi tarixdən başlamaq daha çox məqsədəuyğundur.

Öncə qeyd edilməlidir ki, Azərbaycanda peşəkar teatr-dekorasiya sənətinin formalaşması teatr rəssamlığı təhsili almış ilk azərbaycanlı rəssam Rüstəm Mustafayevin adı ilə bağlıdır. 1927-ci ildə Bakıda fəaliyyət göstərən “Bakı Azad Tənqid-Təbliğ Teatrı”nın bazasında “Bakı Türk İşçi və Kəndli Teatrı” yarandı və teatr-dekorasiya sənətinin prinsipləri ilk dəfə olaraq, məhz bu teatrın səhnəsində peşəkarcasına cilalalanmağa başladı. Tamaşa qoyuluşunda rəssamın rolu nəzərə çarpacaq dərəcədə artdı. Teatr dekorasiyası sadəcə illüstrativ, əşya-cism funksiyası daşımaqdan azad olunmağa, səhnədə baş verən hadisələrlə obrazlı, emosional vəhdət yaratmağa, interpretasiya olunmağa başladı.

Teatr dekorasiyasının məğzi və mahiyyəti barədə hələ o vaxtlarda, yəni 1920-ci illərin sonu, 30-cu illərin əvvəlində Azərbaycanın teatr xadimləri arasında, “realizm” və “konstruktivizm” tərəfdarları olmaqla gərgin diskussiyalar aparılırdı. Obrazlı desək, “sağlar” və “sollar” arasın-da gedən həmin mübahisələr bu günədək davam etməkdədir.

Bəykişiyev Nazim Zöhrab oğlu. “Şəhərin yay günləri” tamaşasına eskiz.
Kətan, yağlı boya. 100×90 sm

Hələ 1920-ci illərin sonunda Rüstəm Mustafayev eksperimental texniki fəndləri cəsarətlə Bakı İşçi Teatrının səhnəsinə tətbiq edir, bununla da tamaşa quruluşuna sırf müəlliflik, konseptuallıq xarakteri verirdi. Lakin bolşevik partiyasının rəsmən qəbul olunmuş ana xətti sosialist realizminin xeyrinə işləyir, nəinki tamaşa quruluşlarında, hətta dekorasiya və geyimlərdə belə reallığı, başqa sözlə təbii-illüstrativ yanaşmanı dəstəkləyirdi.

Teatr necə olmalıdır mövzusunda “arxaistlər” və “yenilikçilər” arasındakı “çəkişmələr” 1960-cı illərdə yenidən gündəmə gəldi. Bu həmin dövr idi ki, teatra səhnəni ifrat xarakterli daxili çərçivələrdən azad etmək istəyən sənətkarlar, “səhnə qutusunu” parlaq, plastik həllini gözləyən kətan kimi qəbul edən rəssamlar gəlirdilər. Gənc, mütərəqqi düşüncəli rəngkarlar, qrafika ustaları, heykəltaraşlar özləri kimi gənc, enerjili rejissorlarla birlikdə səhnəqrafiyanı sadəcə bənzətmə mərəzindən ayırıb təxəyyül, düşüncə məhsuluna çevirməyə, dərin mətləblərdən bəhs edən şərtiliyə yönəltməyə can atırdılar. Məhz həmin dövrdən etibarən, teatr incəsənətinə məxsus şərtilik bədii ifadəliliyin aktiv elementinə çevrilməyə başladı. Tamaşalardakı bu əsaslı canlanma ildən-ilə daha aydın görünməklə 1970-ci illərin axırı 1980-ci illərin əvvəllərində Azərbaycan teatrında aparıcı mövqe qazandı. Teatr səhnəsinin rəssam tərəfindən özünəməxsus ibadət məkanı kimi qəbul edilməsi, dərin mənalı rəsm əsərinə çevrilməsi və tamaşa quruluşunun simvolik səsləşmələrlə tamamlanması 1980-ci illərdə teatra gəlmiş Nazim Bəykişiyevin eskizlərində özünü daha aşkar biruzə verirdi.

Teatr-dekorasiya sənəti barədə düşünərkən yaddan çıxarmaq lazım deyil ki, bu, incəsənətin bütün digər növlərindən daha mürəkkəb, çoxtərkibli və sintez olunmuş sənət sahəsidir. Çünki bu-rada yekun nəticə dramaturqun, rejissorun, rəssamın yaradıcılıq məharətindən, nəhayət aktyor-ların ustalığından asılı olur. Bu mürəkkəb prossesin iştirakçılarının hər birinin ayrıca ambisiyası vardır. Hər kəs bütünlükdə teatrı, onun fəlsəfi və ideoloji məzmununu, səhnədəki hər bir personajın mahiyyətini və yerini özünəməxsus tərzdə dərk edir. Mütləqdir ki, tamaşa, eləcə də bədii film kollektiv yaradıcılıq məhsuludur və onun uğuru bu prossesdə iştirak edən tərəflər arasında yaradıcı anlaşmanın nə dərəcədə həmahəng, üzvi surətdə qurulmasından asılıdır.

Almaszadə Ənvər Hacıağa oğlu. “Humay” baletinə eskiz.
Kağız, sulu boya 22×32 sm

Bu bölümdə təqdim olunan eskizlər milli teatrımızın müxtəlif dövrlərində, müxtəlif nəsillərə məxsus rəssamların ayrı-ayrı teatrlar üçün ərsəyə gətirdikləri yaradıcılıq məhsullarıdır. Burada uşaq tamaşaları, opera və balet quruluşları və dərin fəlsəfi məzmunlu əsərlər üçün hazırlanmış eskizlər vardır. Lakin bütün bu rəngarənglik fonunda onların hər biri heyranedici vəhdətlə öz yarandıqları dövrün əsas məğzini, yaradıcılıq ənənələrini, emosional hərarət dərəcəsini nümayiş etdirirlər.

Məsələn, H.Haqverdiyevin Gənc Tamaşaçılar Teatrında hazırlanmış “Səhər ulduzu” tamaşası üçün çəkdiyi eskizlər forma lakonikliyi, kompozisiya xətlərinin daxili hərəkətliliyi üzərində qurulan ifadəlilik, irihəcmli rəng çalarlarının kəskin təzadlı düzülüşü, səhnədə yaradılmış mühitin ümumiləşən abstrakt xarakteri ilə seçilir. Maraqlıdır ki, qarşımızda “sosialist həyat tərzini” tərənnüm edən tamaşa vardır və daha maraqlısı budur ki, eskizlərin müəllifi qatı sosialist ruhunda tərbiyə almış, sözügedən dövr üçün nisbətən yaşlı sayılan Azərbaycan rəssamlarından biridir.

Həmin dövrün gənc rəssamı E.Aslanovun çəkdiyi eskizlər avanqardizm ruhuna məxsus eyni çalarlarla zəngindir. Ümumiyyətlə, E.Aslanov yenilikçiliyə meyilli yorulmaz sənətkar, bütün ömrü boyu incəsənətin müxtəlif növlərində bədii ifadəliliyin canlanmasına, yenilənməsinə can atan rəssamlarımızdan biridir.

1960–70-ci illərdə teatrda çalışan rəssamlar siyahısında zaman-zaman özünü azad təfəkkürə malik parlaq şəxsiyyət kimi təsdiqləmiş Tahir Salahov, Toğrul Nərimanbəyov, Rasim Babayev, Asəf Cəfərov, Elbəy Rzaquliyev, Sənan Qurbanov kimi rəngkar-rəssamların da adları vardır. Milli rəngkarlıq sənətimizin inkişaf magistralında cəsarətli və qarşısıalınmaz irəliləyişlər bu rəssamların adı ilə bağlıdır. Eyni zamanda, Azərbaycan teatr-dekorasiya sənətindəki “yeni dalğa” məfhumu da məhz bu adlarla bağlıdır. Sözügedən prossesdə həmin dövrdə hamı tərəfindən rəngkarlığın ustadı kimi qəbul edilmiş Böyükağa Mirzəzadə (yeri gəlmişkən, 20-dən çox tamaşanın rəssamı olub) və Mikayıl Abdullayevin də böyük rolu olmuşdur.

Abdullayev Mikayıl Hüseyn oğlu. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasına eskiz. “Leylinin evində elçilik”. 1-ci akt, 2-ci şəkil.
Kağız, quaş. 43×71 sm

Yuxarıda söylənilən iddialar həmin dövr kinematoqrafiyamız üçün də keçərlidir. “Azərbaycanfilm” kinostudiyasının aparıcı quruluşçu rəssamları sayılan Məmmədağa Hüseynov, Kamil Nəcəfzadə, Fikrət Bağırov yaradıcılığının çiçəklənmə dövrü 1960–1970-ci illərə təsadüf edir. Səhnəqrafiyanı ümumi yaradıcılıq dirçəlişinin tərkib hissəsinə daxil edərək, dram və musiqili teatr incəsənəti fəzasının yüksəkliklərinə can atan rəngkarlıq ustadlarımız kimi kino rəssamları da öz eskizlərində sırf funksional quruluş sərhədlərindən kənara çıxır, ərsəyə gətirilən filmləri müasir rəngkarlığın və qrafik rəsm sənətinin parlaq yaradıcılıq nümunələrinə çevirməyi bacarırdılar. 

Azərbaycan teatr-dekorasiya sənəti tarixində xüsusi mövqe Xalq rəssamı Bədurə Əfqanlıya məxsusdur. Azərbaycanın ilk qadın rəssamı ən parlaq dekorasiya və geyim nümunələri yaratmaqla öz məhsuldar ömrünün 70 ilini Azərbaycan teatrına, kinosuna və rəqs sənətinə həsr etmişdir. Bədurə xanım Azərbaycan milli geyimlərinin yorulmaz araşdırıcısı, bu sahənin öyrənilməsində əsl təkanverici qüvvə idi. O, bütün ömrü boyu Azərbaycanın rayonlarını gəzmiş, hər regiona məxsus geyimlərini hazırlayan sənətkarları taparaq onlardan öyrənmiş, beləliklə də zamanın və nəsillərin əlaqəsini yaratmağa müvəffəq olmuşdur. Görkəmli sənətkar çox da böyük olmayan əraziyə malik Azərbaycanda bu qədər rəngarəng geyim formaları və parça növlərinin mövcudluğu barədə həmişə heyranlıqla danışırdı.

Əfqanlı Bədurə Məlik qızı. “Azərbaycan milli kostyum eskizi”.
Kağız, quaş. 26×39 sm

Mübaliğəsiz söyləmək olar ki, Azərbaycan milli geyim ənənələri Bədurə Əfqanlının ilk növbədə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin digər rəqs kollektivləri üçün yaratdığı geyim nümunələri ilə özünün dirçəlişini, yenidən canlanması dövrünü yaşamışdır. Eyni zamanda, özünün məxsusluq və yüksək bədii zövqü ilə milli teatr-dekorasiyası sənətində yeni istiqaməti müəyyən etdi.

“Mən milli mədəniyyətimiz qarşısındakı vicdan borcumun, öz dünyagörüşümün və yaradıcılıq intuisiyamın dediklərini yaratdım. Xalqımın zəngin milli ənənələrinin qırılmaz tellərlə bağlılığını ən böyük nailiyyətim hesab edirəm” – Bədurə xanım bu sözləri doğma Vətəninin zəngin milli mədəniyyətə malik olmasına və Azərbaycan torpağında yaşayıb-yaradan istedadlı ustalara görə keçirdiyi yüksək qürur hissi ilə söyləmişdi.

Bədurə Əfqanlının rəhbərliyi və nəzarəti ilə yaradılmış geyimlərdə hər cür xırdalıqlara diqqət yetirilməliydi: parçanın fakturası, sıxlığı yaxud parlaqlığı, rəngi və yaxud çaları, haşiyənin xarakteri yaxud parıltısı… Təəssüf ki, bu gün həmin sənət nümunələri ya həddən çox geyinilərək köhnəlmiş, ya da hansısa tozlu qarderobun əşyasına çevrilmişdir. Nə yaxşı ki, Dövlət Rəsm Qalereyasının fondlarında rəssamın özünün ətraflı şərh etdiyi eskizlər, eləcə də teatr quruluşlarına çəkdiyi eskizlər saxlanılır.

“Burda və indi” prinsipi ilə yaşayan teatr tamaşası, artıq öz təbiəti ilə unikaldır. Teatr quruluşu təkrarolunmazdır, çünki məlum olduğu kimi, “axar suya iki dəfə girmək mümkün deyil”. Digər tərəfdən isə teatr öz tamaşaçısı ilə olduğu kimi öz dövrü ilə də birbaşa əlaqədədir. Ona görə də mütəmadi olaraq dekorasiyalar dəyişir, bir tamaşa yerini digərinə verərək səhnədən gedir. Nadir hallarda və yalnız yeganə nüsxə ilə saxlanılan eskizlər ötən illərin təsvirini yaratmaqda bizə köməkçi olan ən etibarlı sənədlərdir. Çox da böyük olmayan bu kağız vərəqlər bəzən bu və ya digər tamaşa, yaxud dram əsəri barədə yeganə xatirəyə çevrilir. Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan və bəzi nümunələrini təqdim etdiyimiz kolleksiyaların unikallığı da məhz bundadır. Bu bizim həmişə fəxr etməli olduğumuz əlçatmaz nailiyyətdir!