Müasir Azərbaycan dekorativ-tətbiqi sənətinin kökləri qədim dövrlərə gedib çıxır. Dulusçuluq məmulatları, metalın bədii emalı (silah, qab-qacaq, zinət əşyaları və s.), ağac üzərində bədii oyma, xalçaçılıq və müxtəlif növ parça istehsalı, ipəkçilik və ipək üzərində naxış – bütün bunlar sadəcə Azərbaycan xalqının zəngin mədəni irsinin tərkib hissələri deyil. Bəşəriyyətin yarandığı vaxtlardan Azərbaycan əra zisində formalaşmış bütün bu sənət növlərinin yüzilliklər boyu inkişaf etməsinə və təkmilləşməsinə iqlim və təbii şərait, eləcə də ulu babaların həyat tərzi təkan vermişdir.
Azərbaycana gəlmiş və yerli ustaların əl işlərini heyranlıqla vəsf etmiş tacir və səyyahların xatirələri tarixin yaddaşında heç də az yer tutmur. Elə buna görə də təəccüblü deyil ki, bu gün Azərbaycan dekorativ-tətbiqi sənəti formaların, materialların, rəng və naxışların müxtəlifliyi ilə fərqlənir. Rəssamlar kimi yaradıcılığın bu sahəsində çalışan xalq ustaları da özündə funksional və estetik keyfiyyətləri ideal şəkildə uzlaşdıran və ehtiva edən əsrlərlə cilalanmış formaları eyni səviyyədə tətbiq etməkdə davam edirlər.
Lakin, qeyd etməliyik ki, müasir Azərbaycan tətbiqi sənəti bir canlı kimi təkcə əsrlərlə yaşı olan ənənələri bir müqəddəs anlayış olaraq yad etmir, həmçinin müasir dövrün çağrışlarına həssaslıqla reaksiya verir. Başqa heç bir müasir incəsənət növü insanla, onun həyat mühiti ilə, rəssamların məhz həmin mühiti nəcibləşdirmək, məqsədilə yaratdıqları nümunələrlə bu əsərlər qədər sıx əlaqəli deyil, onlar qədər çulğalaşmamışdır. Özü də burada söhbət təkcə estetik təsirdən getmir. Əsrlər boyu hasilə gəlmiş formalar, onların naxış zənginliyi olduqca yüksək dərəcədə ritual mahiyyət qazanmışdır. Azərbaycan gəbə və xalılarında, digər xalça məmulatlarında, saxsı və mis qablarda, silah və zərgərlik incəsənəti nümunələri olan zinət əşyalarında ornament sistemi elementar həndəsi naxışlardan başlayaraq getdikcə əlavə detallarla böyüyərək, bitki və heyvan motivləri ilə zənginləşib genişlənərək inkişaf etmiş, daha da mürəkkəbləşmiş, son nəticədə rəmz və işarələrin vahid dilini əmələ gətirmişdir. Təkcə öz peşə bacarıqlarını deyil, həm də insan həyatını onsuz təsəvvür etmək mümkün olmayan, əsas mənəvi və mədəni dünyamızın tərkib hissəsi olan həmin gizli bilikləri də nəsillərdən-nəsillərə ötürən mahir xalq ustaları bu dili yaxşı anlayır.
Xalqın müdrikliyi, uzunmüddətli, zəngin həyat təcrübəsi ilə əldə edilmiş dərin məna bu dildə ifadə olunur. Tətbiqi incəsənətin ənənəvi növləri ilə işləyən müasir rəssamlar da bədii dilin, yaxud texnologiyaların yeniləşməsinə cəhd göstərərkən sanki məyus olaraq, yenidən və təkrarən təbiətin əvvəlcədən “nəzərdə tutduğu” gözəlliyi əks etdirən, parçaların və tamın zərgər dəqiqliyi ilə hesablanmış tənasübü üzərində qurulan və harmoniyanın “ərazisini” tərk etməyən, artıq sınanmış və dəfələrlə “səsləndirilmiş” motivlərə qayıdırlar.
Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında 130-dan artıq adda dekorativ-tətbiqi sənət əsərləri saxlanılır. Burada çini, saxsı, şüşə, ağac, metal, xalça və xalça məmulatları, kəlağayı və batik, nəhayət zərgərlik məmulatlarının bədii ifadəsi ən yeni texnologiyaların, məsələn, poliester, mis və akril rənglərin ahənginə əsaslanan müasir installyasiya kimi növ və materiallar nümayiş olunur. Geniş yayılmış texnika çərçivəsində yaradılan və tarixən oturuşmuş forma yaradılması və dekor prinsipləri üzərində qurulan işlər burada bu mövzu lokusu üçün xarakterik olan yenilənmiş oxuma, eləcə də bədii ifadə dilinin yenilənməsi, ənənəvi növlər daxilində yeni həllərin tapılması və tətbiqi üçün göstərilən maraqlı cəhdlərlə yanaşı gedir.
Portalda yuxarıda sadalananların yalnız ayrı-ayrı nümunələri təqdim olunur. Az olmasına baxmayaraq bu nümunələr Azərbaycan rəssamlarının formal və bədii axtarışlarının çoxcəhətli olması barədə fikir yürütməyə imkan yaradır.
Məsələn, batik texnikasında yaradılmış “İçərişəhər” pannosunda müəllif (Arif İbrahimov) Bakı qalasının görünüşünün ümumi qəbul edilmiş oxunuşundan – Azərbaycan rəngkarlıq və qrafika əsərlərində son dərəcə məhşur olan motivdən tamamilə imtina edib. Bu, Bakının, Azərbaycanın, Azərbaycan xalqının açıq səma altında əvəzsiz muzeyinin mənsubluq hissini müəllif sırf formal ifadə vasitələri ilə çatdırır. Rənglərin işıq salınan ahəngi romantik əhval yaradır. Şirvanşahlar sarayının memarlıq formalarının təqdim olunmasında güclə hiss olunan kubik xarakter tezliklə müstəvi üzərində həndəsiliyə keçir və bunula da bütün təsvirin keçici xarakterini təsdiq edir. İçərişəhərin təklif olunan görkəmi xəyala, milli mədəniyyətin müxtəlif “dəyərlərini” – müqəddəsləşmiş Azərbaycan memarlıq abidələrinin üzlüklərindəki naxışların həm sadəliyi, həm də mürəkkəbliyi ilə adamı heyran qoyan, eyni zamanda Şirvan-Abşeron memarlıq məktəbinin tikililərinin bununla ahəng yaradan, ifadə tərzi bütövlükdə həcmlərin nisbətinin və hörgünün keyfiyyətinin mütənasiblik və harmoniyasına söykənən formaları və nəhayət orta əsrlər Azərbaycan miniatür sənətinə xas nüanslar üzərində qurulmuş olduqca zərif rəng çalarları dünyasını vahid bir çələngdə birləşdirən gözəl yuxuya bənzəyir.
Bütün bunlar hamıya yaxşı tanış olan obrazların tamamilə yeni səsləşməsinə nail olmuş rəssamın Azərbaycan mədəniyyətinin qədim ənənələrinə də, məhşur motivlərə də fərdi, yaradıcı münasibətindən xəbər verir. İşin kvadrat formatı artıq öz-özlüyündə sanki “bəli, illər gedir, ancaq İçərişəhər əvvəlkitək cavandır və onun daxilində həyat necə irəliləyirdisə, eləcə də davam edir və öz yolu ilə gedəcəkdir” fikrini əyani surətdə təsdiq edərək stabillik, rahatlıq, əbədiyyət hissi yaradır.
Batik texnikası ilə yaradılmış və mütləq diqqətə layiq olan daha bir işi göstərə bilərik. Bu, İnna Kostinanın “Simurq” kompozisiyasıdır. Öz-özlüyündə bu obraz heç də birmənalı deyil.
Bir çox xalqların və ölkələrin əsatirlərinə məxsus olan, hər şeydən əvvəl fars mədəniyyəti kontekstində baxılan, sonralar onlardan türk xalqlarına, skiflərə, sarmatlara, hətta slavyanlara da keçən əfsanədə Simurq adətən it başı və pəncələri olan, bədəni balıq pulları ilə örtülmüş fantastik qanadlı məxluq kimi təsvir olunur ki, bu da onun yerdə, suda və havada hökmran olduğuna işarədir. Bilik ağacının budaqlarında yaşayan ölməz quş – Simurq haqqında rəvayətlərdə bir qayda olaraq qırqovul və tovuz quşunun lələklərinin parıltısını kölgədə qoyan parlaq lələkləri ilə qeyd olunur. Simurqa şəfa vermək, sağaltmaq qabiliyyəti verilib, bəzən o, taleləri həll edir və onun ölməz olduğu göstərilir. Simurq obrazı sufizmdə də var, burada o, ilahi mahiyyət barədə bilikləri olan kamil insanı simvolizə edir. Fars dilindən birbaşa tərcümədə “otuz quş” mənası verən bu obraz tez-tez birləşmək, idrak və hər şeydən əvvəl özünü dərk etmə rəmzi kimi çıxış edir.
İ.Kostinanın təfsirində qadın obrazında verilmiş şahanə quş qızılla işlənmiş totem işarə və rəmzləri ilə örtülmüş geyimə bürünüb. Pannonun heyrətamiz koloriti var. Fondakı qaynar al-qırmızı rəng hakimiyyət rəmzi paltarların soyuq mavi-bənövşəyi çalarları ilə bir ahəngdə xüsusi Şərq üslubunu xatırladır, eyni zamanda qorxudan və cəlb edən sirrin mövcudluğunu göstərir.
Xanım rəssamın qanadları par-par yanan sinkretik varlığın qəbul edilmiş ənənəvi simasını şəkilləndirmək yolu ilə getməməsi əlamətdardır, diqqəti qabarıq şəkildə cəlb edir, lakin onun yaratdığı obrazda da həmin obrazın müxtəlif mədəniyyətlərdə ifadə etdiyi mövzu, ahəng, çalarların bütün polifoniyası canlanır.
Milli ənənələrin interpretasiyasının maraqlı nümunələrindən biri Salxab Məmmədov və Eldar Əhmədovun “Azərbaycan – cəbhəyə” pannosudur. Burada Azərbaycan xalçasının təsviri metal döymə texnikasında canlandırılır. Girix (islam memarlığında və dekorativ-tətbiqi sənətində ən çox yayılmış naxışlardan biri) formasında olan iki medalyondan ibarət mərkəzi sahə Bakının tarixi memarlıq obrazlarını – İçərişəhər memarlıq abidələrini müasir Bakının hamıya yaxşı məlum olan sənaye tikililəri ilə üz-üzə qoyur.
Burada təqdim olunmuş işlərin hər biri tamaşaçıda sonsuz assosiasiya, düşüncələr, emosiyalar silsiləsi doğurur. Belə ki, Ülviyyə Əliyevanın “Konsolidasiya” qobeleni incəsənətin bu növü üçün çox xarakterik olan sırf dekorativ ifadəliliyini itirmədən avanqard rəngkarlıq stilistikasına meyil edir. Al-əlvan şaquli modulların dəqiq ritmi son nəticədə hansısa “həyat düsturu” əmələ gətirərək adamı yerindən oynadır. Qarşımızdakı qüdrətli enerjiyə yoluxmuş hansısa mahiyyət, mətləb, plazmoiddir. Sanki daxildəki ağzı bağlı dinamika indicə “partlayacaq”, sonadək sıxılmış yay kimi atılacaq.
Şamotdan hazırlanmış “Yaddaş” konseptual kompozisiyası (Lalə İsgəndərzadə) elə bil tamaşaçıların gözləri qarşısında yanıb külə dönən və yenidən yeni məzmunla – “çip”lərlə, hisslərin, emosiyaların, nə vaxtsa başımıza gələn, lakin hələ də psixi həyatımızın vacib parçaları olan hadisələrin laxtalanmış qırıntıları ilə “dolan” qəlib obrazı yaradır…
Azərbaycan incəsənətində ən çox sevilən və son dərəcə populyar olan motiv nar kolu, yaxud meyvəsidir. Nar ağacının dünyanın bir çox regionlarında bitməsinə baxmayaraq Azərbaycanda xüsusi məhəbbətlə sevilir və böyük şöhrətə malikdir. Deyilənə görə bu bitkinin bütün mövcud sortlarına yalnız Azərbaycanda rast gəlmək olar. Azərbaycan rəssamlarının əsas obrazlarından biri olan nar natürmortlarının sayı-hesabı yoxdur. Azərbaycan mətbəxinin çoxsaylı xörəklərində də nar dənələrinə və nar şirəsinə xüsusi yer ayrıldığı aydın məsələdir və bu barədə ayrıca danışmağa ehtiyac yoxdur.
Bu yaqut kimi bərq vuran elastik və kövrək, lakin həm də qüvvətli və gözəl meyvə hələ təkcə zahiri əlamətlərinə görə belə dekorativ-tətbiqi incəsənət ustalarının diqqətini, şübhəsiz ki, çəkməyə bilməz. Qalereyanın kolleksiyasında məhz mərkəzi formayaradan və obraz rolu ayrılmış xeyli belə iş – dekorativ saxsı kompozisiyalar, bəzəkli nimçələr, şüşə güldanlar, zərb nümunələri, zərgərlik məmulatları var. Elə buradaca Nicat Qocamanlının irihəcmli dekorativ kompozisiyasını qeyd etmək yerinə düşərdi. Bu əsərdə Azərbaycanın haqqında söhbət açdığımız bu sevimli meyvə xəzinə kimi təsvir olunur: narın kub şəkilli forması tən yarıya bölünüb və ayrı-ayrı dənələr “Sim-sim” mağarasının qiymətli daşları kimi onun bətnindən “dığırlanaraq” qırağa düşür.
Qalereyanın dekorativ-tətbiqi sənət fondunda 100-ə yaxın müəllifin əsərləri toplanıb. Ancaq elə sənətkarlar var ki, onların adlarını çəkməmək olmaz. Çünki bu adlar Azərbaycan mədəniyyətinin korifeyləridir, təkcə incəsənət sahəsində deyil, Azərbaycanın tarixində də əhəmiyyətli şəxslərdir.
Onlardan biri əfsanəvi Azərbaycan xalçaçı alimi, bənzərsiz, orijinal xalçalar müəllifi, Azərbaycan muğamının parlaq və mahir bilicisi Lətif Kərimovdur. Deyirlər ki, o, kifayət qədər savadlı olmayan və qeydlər aparmaqda çətinlik çəkən tələbələrinin toxuculuq texnologiyalarını yaxşı yadda saxlaması üçün onlara lirik qoşmalar yazırmış. Lətif Kərimov xalçalarla yanaşı zərgərlik məmulatları üzərində uğurla işləmiş, ağac üzərində oyma ilə, binaların interyerlərinin dekorativ tərtibatı ilə də məşğul olmuşdur. Xalıların ornamental sisteminin yenilənməsində onun rolunu qiymətləndirməmək çətindir. Ancaq onun Vətən qarşısında ən böyük xidməti ondan ibarətdir ki, çoxillik böyük zəhməti sayəsində o, Azərbaycan xalçaçılıq məktəbinin əsas meyarlarını formalaşdırmış, bununla da dünya muzeylərində dumanlı şəkildə “fars”, “Şərq”, yaxud “Qafqaz” xalısı adı ilə saxlanılan gəbələrimizin 90 faizinə “öz milliyəti”ni qaytarmışdır. Lətif Kərimovun bu bölmədə saxlanılan əl işləri onun kolorist və ornamentalist istedadının nə qədər misilsiz və nadir olduğu barədə fikir söyləməyə əsas verir.
XX əsr Azərbaycan mədəniyyətinin olduqca vacib simalarından biri də bütün yaradıcı həyatını Azərbaycan kinosuna, teatrına, rəqsinə həsr etmiş Bədurə Əfqanlıdır. B.Əfqanlının yaratdığı və bu gün Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan geyim eskizləri arasında zərgərlik-zinət əşyalarının da eskizləri var. Əsrlər boyu oturuşmuş formalar arasındakı incə əlaqə burada ənənəvi motivlərin fərdi müəllif interpretasiyaları ilə üzvi şəkildə çulğalaşır.
Varisliyin, milli mədəniyyətin “genetik kodu”nun xəzinəsi kimi dekorativ-tətbiqi sənət sahəsində xüsusilə vacib olan nəsillər arasında əlaqənin qorunub saxlanılması muzey fondları, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyası qarşısında duran əsas məsələdir.