Sirr deyil ki, rəngkarlıq Azərbaycan incəsənətindəki bütün digər növlərdən daha parlaq, çoxşaxəli və özünəməxsus fenomenə malikdir. Ölkə inkişafının həlledici mərhələlərini daha əhatəli tərənnüm edən, eyni zamanda bədii təfəkkürün dövr, zəmanə ilə səsləşən inkişafını maksimal dərəcədə izhar edən sənət növü məhz rəngkarlıqdır.

Azərbaycanın rəssamlıq məktəbində dəzgah rəngkarlığı 1920-ci ildən sonra formalaşmağa başlamışdır. Qeyd edək ki, həmin ildə təşkil edilən rəssamlıq studiyası əvvəlcə Ali Rəssamlıq Emalatxanasına, 1922-ci ildə isə Ali Rəssamlıq Məktəbinə çevrildi. Məhz bu məktəbin bazasında, 1940-cı ildə Azərbaycan Rəssamlıq Məktəbi yaradıldı.

Ölkəmizin mədəni həyatında mühüm hadisələrdən biri 1932-ci ildə Azərbaycan Sovet Rəssamları İttifaqının yaradılması oldu. Dövrün tələbinə uyğun olaraq dünyanın realistcəsinə tərənnüm edilməsi ustalığına yiyələnmək vəzifəsi bir neçə onillik boyunca fırça ustalarımızın rəhbər tutduqları əsas prinsiplərdən idi.

Seyfullayev Qafar Süleyman oğlu. ʺXınalıqʺ.
Karton, yağlı boya. 50×70 sm

1930-cu illərin ortalarından etibarən Moskva və Leninqradın ali təhsil müəssisələrində rəssamlıq ixtisası üzrə peşəkar təhsil almış xeyli sayda məzunun Bakıda fəaliyyətə başlaması rəngkarlığın inkişafına təkan verən mühüm faktorlardan oldu. Bu sırada Mikayıl Abdullayev, Böyükağa Mizəzadə, Baba Əliyev, Lətif Feyzullayev, Tağı Tağıyev, Eyyub Məmmədov, Qafar Seyfullayev və digər tanınan rəssamlar vardı. Sonrakı uzun illər ərzində Azərbaycan təsviri sənətinin inkişaf yolunu müəyyənləşdirmək məsuliyyəti məhz bu nəsil rəssamların qismətinə düşmüşdü. 

Danılmaz həqiqətdir: mənalı tərənnüm, anlaşıqlı təsvir, iri miqyas – sənətin əsas faktorlarından sayılan bütün bu məfhumlar birmənalı olaraq rəhbər ideyaya – “yeni xalq hakimiyyəti”, “yeni həyat tərzi”, “yeni insan” ideyasına uyğunlaşmalıydı… Lakin unutmaq olmaz ki, əsl sənətin, sənətkarlığın məğzi yalnız ideologiya və ideologiyanı təsvir etmək üçün qurulmuş süjetlərdən ibarət deyildir. Keyfiyyət, daha dəqiq desək, bu və ya digər əsərin bədii-estetik kriteriyalara uyğunluğu – unudulmayan, silinməyən sənətkarlıq tarixini yazan budur!

Çağdaş dövrümüzdəki müxtəlif dövlət və şəxsi kolleksiyalara müraciət etdikcə həmin illərdə ərsəyə gətirilmiş yaradıcılıq nümunələrinin nə qədər rəngarəng və keyfiyyətli olduğunun şahidi oluruq. Yuxarıda adları sadalanan rəssamlar incə çalarların mahir ustaları, rəsm virtuozları, realist kompozisiyanın parlaq sənətkarları olmaqla, Azərbaycan rəngkarlıq tarixində, sözün həqiqi mənasında, layiqli yer qazanmışlar. Mövzu dairəsi də kifayət qədər zəngindir – müasirlərin və yaxud ədəbi qəhrəmanların portretləri, mənzərələr, natürmortlar, məişət səhnələri… Bu portalda təqdim olunan, bəzən öz dövrünü “yaşamış” hesab edilən həmin əsərlərin əksəriyyətini, sözün əsl mənasında, milli rəssamlıq irsimizin “Qızıl fondu” adlandırmaq mümkündür.

Salamzadə Salam Əbdülqasım oğlu.
ʺÜç palmaʺ.

Kətan, yağlı boya. 50×78 sm

1950-ci illərin sonu 1960-cı illərin başlanğıcı bir sıra siyasi və ictimai amillərin təsiri ilə sovet incəsənətində (o cümlədən Azərbaycanda) müəyyən dəyişikliklər baş verməkdəydi. Dəyişikliklərin təşəbbüskarı kimi, indi “altmışıncılar” adlandırdığımız, həmin dövrün gənc nəsli çıxış edirdi. İncəsənətdə başlanan dəyişikliklərin, canlanmanın əsas məğzində “amansız həyat gerçəkliklərini” ifadə etmək istəyi dayanırdı. Əslində, sosialist realizminin təqlid etdiyi “yüksək rifahlı” həyat tərzinin tərənnümünə qarşı çıxan “altmışıncılar” bədii təsvirin dilini canlandırmaqla sənətə yalnız hakim ideologiyanın təbliğat aləti kimi deyil, sərhədsiz insan təfəkkürünün yaradıcı məhsulu kimi yanaşmağı tələb edirdilər. Özünün “monumental”, “publisistik”, “natiqlik” xüsusiyyətləri ilə mövcud çatışmazlıqlara qarşı mübarizə aparan, qətiyyətli xarakter və əyilməz iradəyə malik insan obrazını adekvat formada təsvir etmək istəyi ilə alovlanan bu canlanma dolayısıyla incəsənətdəki illüstrativ, prozaik tərənnümə qarşı üsyan idi. Həqiqətin interpretasiya prinsipi dəyişdirilmişdi. Sovet həyat tərzinin pafoslu tərifnaməsi əsl reallığın, heç də yüngül olmayan əmək günlərinin obyektiv təsviri ilə əvəzlənirdi. Digər tərəfdən rəssamların milli formalara, milli identiklik təcəssümü olan folklor obrazlarına marağı özünü daha qabarıq büruzə verməyə başlamışdı. Bütün bu yenilənmə prosesi nəticə etibarilə 1960-cı illərdə milli rəssamlıq məktəblərinin möhkəmlənməsi, kristallaşması demək idi.

Azərbaycan rəssamlıq məktəbində bu tip həlledici dəyişikliklər T.Salahov, T.Nərimanbəyov, R.Babayev, A.Cəfərov və bir sıra digər rəssamların adı ilə birbaşa bağlıydı. Həmin rəssamlar dəyişməkdə olan dövrün xarakterinə uyğun gələn yeni bədii ifadə üsullarını öz əsərlərində çox aktiv surətdə tətbiq edirdilər. İncəsənətin yüksək dərəcədə canlanan dili simvolik səsləşmələrlə zənginləşir, formalar monumental və ümumiləşmiş görkəm kəsb edirdi. Təsadüfi deyil ki, bədii tənqiddə leqallaşan “sərt üslub” bəzən başqa bir ifadə ilə “lakonik formalar üslubu” adlandırılırdı. Paralel olaraq inkişaf edən digər – folklor (və yaxud primitiv) istiqamət rəngkarlıq işlərində xalq tipajlarının, xalq adət-ənənə və bayramlarının nisbətən bayağı, milli baxımdan stilizə edilmiş tərzdə geniş tərənnümü ilə bağlı idi.

Bundan belə, Azərbaycan rəngkarlığı bir tərəfdən “Xəzər zəhmətkeşləri”nin cəsarətli, sərt kişi obrazlarının təsviri, digər tərəfdən dolğun rəng çalarlarıyla tabloya köçürülmüş “Günəşli Azərbaycan nemətləri”nin həyat təcəssümlü natürmort təsvirləri ilə öz “simasını” tapdı. İncəsənətin ən müxtəlif növlərində (ilk növbədə rəngkarlıqda) və ən müxtəlif interpretasiyalarda təqdim edilən hər iki mövzu bu günəcən Azərbaycan bədii yaradıcılığının əhəmiyyətli təbəqəsini təşkil edir.

Tağıyev Tağı Əzizağa oğlu. “Məcnunun rəsmi”.
Kağız, sulu boya. 40×30 sm

Sözügedən dövr həm də təzadlarla dolu idi. Bir tərəfdə əsərlərində fərqli düşüncə və fərqli deyim formaları, insan və təbiətin qarşılıqlı münasibəti, “məişət problemləri” haqqında fəlsəfi düşüncə cazibəsi və fantastik obrazlardan geniş istifadə kimi xarakterik xüsusiyyətlərə üstünlük verən fırça ustalarından ibarət bütöv bir sıra vardı. Bu sırada yer alan sənətkarlar uzun müddət rəsmən etiraf edilmiş rəssamlıq həyatından “kənarda” qalmışdılar. Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Tofiq Cavadov, Əşrəf Muradoğlu kimi individual yaradıcılığa malik təsviri sənət ustaları incəsənət sahəsində nəzərdə tutulmuş rəsmi dövlət siyasətinin diktə etdiyi stereotiplər çərçivəsinə sığmırdılar. Digər tərəfdə isə Azərbaycan rəssamlıq məktəbinə “mərkəzdən” sırınmış obrazlı “klişe” Rasim Babayev, Elçin Aslanov, Fazil Nəcəfov kimi rəssamların da aid olduğu ikinci bir sıra vardı. Bununla belə, tərəflər üçün vahid sənət platforması olmasa da, onları birləşdirən hansısa bir “yaradıcılıq ümumiliyi” vardı. Həmin “ümumilik” incəsənətin prinsipial şəkildə deideologizasiyası, diqqətin sırf yaradıcı problemlərə yönəldilməsiylə bağlıydı. Yaradılan əsərin mənası və məzmunu ölkənin ictimai-siyasi vəziyyəti ilə deyil, yalnız və yalnız bədii sənət kriteriyalarına uyarlığı ilə müəyyən edilirdi. Bu rəssamlar üçün yaratmaq elə yaşamaq demək idi. Təsviri sənət! Onlardan ötrü yeganə reallıq və ən vacib olanı bu idi. Onları üçün məhz “nə haqda yazmaq?” sualı yox idi, ancaq və ancaq bir sual – “ürəyə və ağıla dinclik verməyən ideyanı, hissləri ikiölçülü səth üzərinə tam olaraq necə köçürməli?” sualı vardı. Burada kompozisiyanı, obrazları, xarakteri, məzmunu – hər şeyi rənglər həll edirdi.

Məhz bu rəssamların əhatəsi növbəti – “yetmişincilər” nəslinin ən parlaq, ən aktiv nümayəndələri üçün əsas cazibə mərkəzi oldu. Məhz həmin rəssamların yaradıcılıq proqramları Azərbaycan rəngkarlığının sonrakı onilliklər ərzindəki, hətta bugünümüzə qədərki “simasını” müəyyənləşdirdi. Kamal Əhmədov, Fərhad Xəlilov, Mir Nadir Zeynalov, Salxab Məmmədov, Nazim Rəhmanov, Əlövsət Əliyev, Eldar Qurbanov, Faiq Ağayev, Qəyyur Yunus, Rafael Muradov, Rəşid İsmayılov… Hər biri ayrılıqda parlaq sənətkar individiumu olmaqla, müasir Azərbaycan rəssamlıq məktəbi üçün tipik sayılan keyfiyyətlər məcmusunu özünəməxsus tərzdə qoruyub təsdiqlədi. Bu məcmu siyasətdən prinsipial şəkildə və ardıcıl olaraq uzaqlaşmaq, diqqəti öz daxili aləminə yönəltmək, yaradıcılığı formal-bədii problemlərlə sıx vəhdətdə olan fəlsəfi məna və ruhi gözəlik ilə zənginləşdirməkdən ibarətdir. Müasir Azərbaycan rəssamlıq məktəbini azad düşüncə və əsl peşəkar fenomeninə malik özünəməxsus şəxsiyyətlər toplumu kimi üzə çıxaran da məhz bu keyfiyyətlər məcmusudur.

İllər keçdikcə yeni yaradılan rəngkarlıq nümunələrində ənənəvi ifadə vasitələri getdikcə daha çox müstəqil məna kəsb etməyə başlayırdı. 1980-ci və daha sonrakı illərdə yaradıcılıq meydanına növbəti nəsil sənətkarlar gəldikcə bu yenilik “cana və qana” hopdu, nəhayət, müasir Azərbaycan rəngkarlıq məktəbi üçün tipik sayılmağa başladı. Obrazların ifadəliliyi indi daha çox çalar və faktura həllinə söykənir, ümumi quruluşu müəyyən edən emosional mühitə daha çox yer ayrılırdı. Daim tərəqqidə olan prosses, xaosdan yaranan harmoniya – vacib olan budur. Əsas olanı təsvir deyil, ifadəlilikdir – hisslər, emosiyalar, əhvali-ruhiyyədir – rəngkarlığın canlı bir orqanizm kimi əsəs məğzi bundan ibarətdir.

Rəhmanzadə Maral Yusif qızı. Avtolitoqrafiya.
Kağız, litoqrafiya. 29×39 sm

Sözügedən prinsip portalın bu bölümdə əsərlərini təqdim etdiyimiz müəlliflər üçün bu və ya başqa formada ən vacib müəyyənedici faktor idi. Müxtəlif yaş kateqoriyalarına aid olan sənətkarları birləşdirən də məhz bu prinsipdir: Altay Sadıqzadə, Əli İbadullayev, Ənvər Əsgərov, Rəşid İsmayılov, İrina Eldarova, Hüseyn Haqverdiyev, Elyar Əlimirzəyev, Zakir Hüseynov, Soltan Qarayev, Mahmud Rüstəmov… Onların hər biri özünəməxsus dəst-xətə malik sənətkarlardır. Hər birinin özünəməxsus sevimli fəndləri və özünəməxsus dünyagörüşü vardır. Lakin onların yaratdıqları əsərlərdə müəlliflərin çağdaş, eyni dövrün insanları olduğunu bəyan edən hansısa cizgilər məcmusu özünü aşkar büruzə verir. Bu sənətkarlar müasir dövrün ziddiyyət və rəngarəngliyini rəng çalarları, yaxma ekspressiyası, kompozisiya yerdəyişmələrinin qabarıq ifadəsi və gözlənilməz formal fəndlər vasitəsilə açmağa can atırlar. İşin daxili quruluşunun getdikcə daha ibadətsayağı təsir bağışlamasına, daha mərhəm görünməsinə baxmayaraq, obrazlar sirlidir, sanki axıradək deyilməmiş fikir təəssüratı yaradırlar. Onların əhatəsindəki əşyalar, insanlar, mühit göründüyündən daha çox qiymətlidir, möcüzəlidir – sonadək dərk edilməmişdir.

Adları sadalanan rəssamların əksəriyyəti konseptual incəsənət formaları da daxil olmaqla ən müxtəlif material və texnika ilə işləyirlər. Yaradıcılığın başqa-başqa növləri getdikcə bir-biriylə daha yaxından qaynayıb-qarışır və müxtəlif “ixtisaslı” rəssamlar incəsənətin bir sferasından digərinə daha asanlıqla miqrasiya edə bilirlər. Bu proses Azərbaycan qrafikasında daha aydın nəzərə çarpır.