Azərbaycan qrafikasının inkişaf yolu haqqında birmənalı fikir yürütmək düzgün olmazdı. Əslində, peşəkar milli rəssamlıq məktəbinin meydana gəlişi ilk öncə qrafikanın inkişafıyla, daha konkret desək – qrafikanın siyasi plakat və satirik rəsm növlərinin tərəqqisi ilə bağlıdır. Azərbaycan rəssamlıq məktəbinin banisi Əzim Əzimzadə hələ 1906-cı ildə yazıçı-mütəfəkkir Cəlil Məmmədquluzadənin redaktəsi ilə Tiflisdə nəşr olunmağa başlanan “Molla Nəsrəddin” satirik jurnalı ilə əməkdaşlıq etdiyi gənclik dövründə məhz qrafika üslublu satiralar çəkirdi. Görkəmli rəssam satirik rəsmlərlə bərabər həm də kitab illüstrasiyaları, teatr dekorasiyaları və geyim eskizlərinin, siyasi karikatura və plakatların müəllifi kimi də məşhur idi.
Kəskin sosial və siyasi istiqamətlə bağlı genetikaya malik olmasına baxmayaraq, Azərbaycan qrafikası kifayət qədər tez zamanda ümumi rəssamlıq ənənələrini əks etdirən və incəsənətin rəngkarlıq, heykəltaraşlıq, teatr-dekorasiya sənəti növləri ilə sıx təmasa girən bədii inkişaf məcrasına keçid edə bildi.
Dünənin və bu günün istənilən digər milli rəssamlıq məktəbində olduğu kimi, Azərbaycan incəsənətində də rəssamlar arasında rəngkarlar, heykəltaraşlar və qrafik ustaları olmaqla sərhədləri aydın görünən ayrılmalar mövcuddur. Lakin diqqətlə nəzər yetirəndə hələ peşəkar rəssamlıq məktəbinin həyata yenicə qədəm qoyduğu ilk addımlarında belə sadalanan dar “ixtisaslaşma məcraları”nın bir-biri ilə tez-tez kəsişdiyinin, qaynayıb-qarışdığının şahidi oluruq. Belə ki, istənilən görkəmli Azərbaycan rəngkarı həm də özünün qrafik rəsmləri, yaxud qrafika ustası özünün rəngkarlıq əsərləri, həmçinin teatrdakı parlaq işləri ilə tanınmışdır.
Sözsüz ki, dəzgah qrafikası ilə yanaşı kitab illüstrasiyaları da Azərbaycan incəsənətinin əhəmiyyətli təbəqəsini təşkil edir. Hələ Sovetlər dönəmində Azərbaycan xalq nağılları və dastanları (“Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s.), rus və Avropa klassiklərinin əsərləri və təbii ki, müxtəlif dövrlərə aid şərq poeziyasının zəngin irsi mütəmadi olaraq nəşr edilmiş, müstəqillik illərində isə bu proses daha geniş vüsət almışdır. Təbii ki, bütün bu nəşrlər rəssam tərtibatı olmadan istənilən effekti verə bilməz. Qrafika rəssamlarının yaradıcılığında Azərbaycanın müasir şair və yazıçılarına aid kitabların tərtibatı xüsusilə böyük həcmə malikdir. Bu məqamda İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Anar, Nəbi Xəzri və digər müəlliflərin kitablarına, eləcə də Azərbaycan xalq nağıllarının böyük əksəriyyətinə bədii tərtibat vermiş rəssam Arif Hüseynovun yaradıcılığını xüsusi qeyd etmək yerinə düşər.
1960-cı illər Azərbaycan qrafika sənətində Ələkbər Rzaquliyevin yaradıcılığı parlaq epizod təşkil edir. Rəssam xətt qravürü vasitəsilə keçmiş Azərbaycan həyatının əsl ensiklopediyasını yaratmışdı.
Səttar Bəhlulzadə, Tağı Tağıyev, Xalidə Səfərova, Rasim Babayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Kamal Əhmədov… Onların hər biri görkəmli rəngkar olmaqla yanaşı həm də külli miqdarda qrafik əsərləri ilə tanınırlar – qələm rəsmləri, akvarel, pastel, xətt qravürü və sair. Bu işlər müasir dövr Azərbaycan qrafika sənətinin inciləri sırasında layiqli yer tuturlar. Sözügedən rəssamların hətta yeni əsəri yaratmağa başlayarkən çəkdiyi hazırlıq rəsmi belə özü-özlüyündə yüksək peşəkar səviyyəsində işləndiyi üçün artıq yetkin bir sənət əsəri sayıla bilər. Yaxud da portretlər, mənzərələr, küçə və ya məişət təsvirləri, bir sözlə gündəlik həyatda rəssamı əhatə edən hər nə varsa…
Azərbaycan qrafikasının Sovet dövrünə aid mərhələsində böyük hadisələrdən biri, hər şeydən öncə, Neft Daşlarındakı həyata həsr edilmiş çoxsaylı silsilə əsərləri ilə məşhurlaşan rəssam Maral Rəhmanzadənin yaradıcılığıdır. Yeri gəlmişkən, Maral xanım Neft daşlarının hələ təzəcə salındığı dövrlərdə neftçilərlə bir-likdə aylarla orada yaşayan, açıq dənizdəki həyatın çətinliklərini canıyla, ruhuyla hiss edən, bütün qayğı, düşüncə və emosiyaları ilə birlikdə rəsmə köçürən ilk rəssamlardandır. Xanım rəssam özünün uzunmüddətli yaradıcılıq fəaliyyətində bu mövzuya təkrar-təkrar müraciət etmiş və maraqlıdır ki, çəkdiyi hər növbəti rəsm yeni ahənglə, yeni səsləşmə elementləri ilə digərlərindən fərqlənmişdir. Bu dəyişmədə rəssamın istifadə etdiyi sənət texnikasının müxtəlifliyi də əhəmiyyətli rol oynamışdı.
1980-ci illərdə Azərbaycan miniatür sənətinin inkişaf yollarının geniş müzakirə mövzusuna çevrilməsi, sözün əsl mənasında, Azərbaycan mədəni həyatının mühüm hadisəsi sayıla bilər. Burada başlıca ideoloq kimi özünün avanqard üslubdakı işləriylə yaxşı tanınan, eyni zamanda Azərbaycan ənənəvi incəsənətinin müxtəlif növlərinin, o cümlədən Təbriz miniatür məktəbi və Sultan Məhəmməd yaradıcılığının yorulmaz araşdırıcısı olan Elçin Aslanov çıxış edirdi. Müasir Azərbaycan miniatürü necə olmalıdır mövzusunda aparılan müzakirələrdə Elçin Aslanov Təbriz məktəbi ənənələrinin interpretasiyası üzərində israrla dayanırdı. Yəni, rəssam yeni yaradılan müasir miniatür əsərlərin, ayrı-ayrı elementlərin dinamika və məkan kontekstindəki qarşılıqlı münasibəti nəzərə alınmaqla, qədim miniatür ənənələri ilə, həmçinin ənənəvi şərq miniatürünün rəng və kompozisiya xüsusiyyətləri ilə üzvi surətdə qaynayıb-qarışmasını təklif edirdi.
Orta əsrlər miniatürünün dirçəlişi ideyasını reallaşdırmaq istiqamətindəki digər variant rəsmlərdə formaları naxışların xarakterinə yaxınlaşdırmaqla incə stilizə edilməsi təklifiydi. Şərq miniatür ənənələrinin bu cür interpretasiyasına bariz nümunə Sənan Qurbanov və Rasim Nəzirovun kompozisiyalarıdır. Bu əsərlərdə tuş və qələm vasitəsilə edilmiş şəffaf, virtuoz improvizələr sanki muğam melodiyası ilə şərq poeziyasının bulaq suyu kimi axıcı, incə hecası arasındakı ahəngdar bağlılığı xatırladır. Unudulanları yada salmağa, onları dirçəltməyə, tapılmışları qoruyub saxlamağa çalışan rəssamlar, beləcə, öz işlərində ənənəvi naxış motivlərini və Azərbaycan klassik miniatürünün üslub xüsusiyyətlərini bədii ifadəliliyin xarakterik, kəskin müasir fəndləri ilə uzlaşdırmışdılar.
Müasir Azərbaycan qrafikası tarixində plakat sənətinin inkişafı maraqlı mövzudur. Məlumdur ki, plakat sənəti qrafikanın digər növlərindən daha çox ölkənin siyasi və ictimai həyatı ilə bağlıdır. Bu mənada Azərbaycan plakatları da istisna təşkil etmirlər. Ömrünün 40 ildən çoxunu məhz plakat janrına həsr etmiş Elmira Şahtaxtinskaya digər Azərbaycan plakatçı-rəssamları sırasında müstəsna mövqedə dayanır. Dilin lakonikliyi və süjetin kəskinliyi ilə yanaşı bu rəssamın çəkdiyi plakatlar lirik kompozisiya, xəttlərin nəğməkarlığı və estetik ifadəliliyi ilə seçilir. Elmira xanımın çəkdiyi plakat rəsmləri sırasında böyük üstünlüyü Azərbaycan milli mədəni irsinə həsr etdiyi işlər tutur. Onun Azərbaycanın keçmişdə yaşamış görkəmli şair və rəssamlarına həsr etdiyi plakatlar təkcə publisist deyil həm də tarixi dəyərə malik sənət əsərləridir. Sənətkarın özünəxas rəssamlıq keyfiyyəti, məxsusi “rəngkarlıq” imzası ilə nəzəri çəkən bu əsərlər XX əsr Azərbaycan incəsənətinin özünməxsus unikal səhifəsini təşkil edir.
Azərbaycanın çağdaş gənc plakatçı rəssamları da məhz bu istiqaməti – plakat dilinin yüksək bədii keyfiyyəti və artistizmi, həmçinin işin fəlsəfi və kulturoloji mövzuyla zənginləşdirilməsi istiqamətini əsas yaradıcılıq prinsipi kimi qəbul edirlər.
Beləliklə, qrafika rəssamlarının yaradıcılığında mövzu və obrazlar çevrəsi rəngkarlıqla ümumi ahəng yaradaraq zəmanənin aktual ənənələrini əks etdirən geniş əhatəyə malik olmuş və bu günəcən də olmaqdadır. Texnika müxtəlifliyini təcrübədən uğurla keçirməyi bacaran qrafika rəssamları həm də yaratdıqları əsərlərdə, fəlsəfi səsləşmə vermək şərtiylə, qlobal həyati məsələlərin tərənnümünə daha çox diqqət yetirirlər.
XX və XXI əsr Azərbaycan təsviri sənəti barədə yazılanlara yekun olaraq qeyd etmək istərdik: insanın öz ənənə və təbiəti konteksindəki varlığı, Azərbaycan rəssamları üçün eyni dərəcədə tanış Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı dialoqu fonundakı özünüdərki – müxtəlif nəsil və müxtəlif üsluba malik rəssamların yaradıcılığındakı ana xətt məhz budur. Bura həm ənənəvi növlər (rəngkarlıq, qrafika, heykəltaraşlıq, keramika və şüşə) üzrə işləyən sənətkarlar, həm də konseptual incəsənətin düşündürən və çoxşaxəli dərinliklərinə baş vurmağa üstünlük verən rəssamlar aiddir.
Deyilənlər, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında qorunan və ən parlaq nümunələri də bu portalda təqdim olunmuş əsərlərdə bir daha özünün təsdiqini tapır.