“Tarixi yaddaşımızda” ölkənin, xalqın taleyini əsaslı şəkildə dəyişmiş konkret faktlardan əlavə, həm də Azərbaycanın “mənəviyyat tarixi” nümayəndələrinin, sözün həqiqi mənasında, bəşər sivilizasiyasının nailiyyətləri sayıla biləcək irsə malik rəssam, musiqiçi, alim, şair və digər peşə sahiblərinin obrazları böyük yer tutur. Bu mənada 1940-cı illərdən başlayaraq dövlət səviyyəsində Nizami, Nəsimi, Vaqif kimi görkəmli şairlərin obrazlarının yaradılmasına həsr edilmiş müsabiqələrin keçirilməsi ənənəsini xüsusi vurğulamaq lazımdır. Məhz həmin ənənənin nəticəsidir ki, bu gün Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında görkəmli şair-xanımlarımız Məhsəti Gəncəvinin (müəllif Münəvvər Rzayeva) və Xurşidbanu Natəvanın (müəllif Həyat Abdullayeva), yaxud dastan qəhrəmanı Koroğlunun, ərəb xilafətinə qarşı xalq hərəkatı sərkərdəsi Babəkin (hər iki əsərin müəllifi Fuad Əbdürrəhmanov) və digər şəxsiyyətlərin heykəl-portretləri qorunub saxlanılır. Bu ənənə həm də yeni istedadların üzə çıxmasına, görkəmli sənətkarların yetişməsinə şərait yaratdı. Məsələn, 1941-ci ildə dahi Nizami Gəncəvinin abidəsinin yaradılması üzrə keçirilən müsabiqənin qalibi, həmin dövrdə hələ çox gənc heykəltaraş Fuad Əbdürrəhmanovun adı sonralar Sovetlər dönəmi Azərbaycan heykəltaraşlığının korifeyləri sırasına yazıldı. Görkəmli sənətkarın layihəsi ilə Nizami Gəncəvinin Gəncədə (1947) və Bakıda (1949) heykəlləri ucaldıldı, yenə Bakıda general Həzi Aslanov (1949), “Azadlıq” (memar M.Hüseynov 1960), Səməd Vurğun (1960), Düşənbə şəhərində böyük tacik şairi Rudaki (1965) kimi möhtəşəm heykəl və abidələr yaradıldı.
Azərbaycan heykəltaraşlarının müxtəlif nəsillərini təmsil edən nümayəndələrin əsərlərindən ibarət çoxsaylı portret qalereyasında məşhur həkimlərin, məsələn, görkəmli cərrah, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti Mir Əsədulla Mirqasımovun (elə həkimin öz oğlu, Azərbaycanda yaxşı tanınan istedadlı heykəltaraş Mirələsgər Mirqasımov tərəfindən yaradılmış portreti), Vəcihə Səmədova, Rasim Babayev, Fuad Əbdürrəhmanov kimi rəssamların, yaxud müharibə və əmək veteranlarının portretləri yer almışdır. Bütün bu abidə və heykəllərin hər biri orijinallığı, obrazın psixoloji ifadəliliyi və daxili ruh dünyasının qabarıq zahiri təzahürü ilə seçilən sənət əsərləridir.
Əslində, Azərbaycan heykəltaraşlıq məktəbinin xarakterik xüsusiyyətləri ilk əvvəl elə məhz portret janrında formalaşmağa başlamışdır. Məktəbin təşəkkülü və inkişafı respublikamızda Sovet hakimiyyəti qurulduqdan sonrakı dövrə aiddir. Belə ki, 1923-cü ildə Azərbaycan Rəssamlıq Məktəbi nəzdində heykəltaraşlıq şöbəsi təşkil etmək ideyası gündəmə gəlir və bu məqsədlə Rusiyadan S.Erzya, E.Tripolskaya, B.Sinayski, P.Sabsay kimi heykəltaraşlar dəvət olunurlar. Yeni yaradılan şöbədə plastik sənətin əsaslarını tədris edən bu sənətkarlar Bakıda yaşayıb-işlədikləri dövrdə bir sıra kamera əsərləri də yaratdılar. Həmin əsərlərdən bəziləri Azərbaycan Dövlət Rəsm Qalereyasının nailiyyətləri sırasındadır və portalda təqdim edilib (məsələn, P.Sabsayın işlərindən “Gənc rəssamın portreti” və ağacdan düzəldilmiş “Ailə” kompozisiyası). Yeri gəlmişkən, adıçəkilən sənətkarların yaratdığı heykəltaraşlıq nümunələri bu günəcən Bakının bir sıra küçə və binalarını bəzəyir.
1950-ci illərin axırı və 1960-cı illər bütünlüklə Azərbaycan heykəltaraşlığının əsl peşəkar yetkinlik dövrü kimi qəbul edilməlidir. Həmin illərdə C.Qaryağdı böyük Azərbaycan şair və mütəfəkkiri M.Ə.Sabirin heykəlini (1959) yaradır, Moskvada peşəkar təhsil alaraq təzəcə Vətənə qayıdan T.Məmmədov və Ö.Eldarov isə Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası qarşısında ucaldılan M.Füzuli heykəlini (1963) ərsəyə gətirirlər. 1960-cı ildə gənc Ömər Eldarovun layihəsi ilə Bakının mərkəzi küçələrindən birində XIX əsr şairi Xurşidbanu Natəvanın heykəli ucaldılır. Hazırda Azərbaycanın “Xalq rəssamı” fəxri adını daşıyan Ömər Eldarov, heç şübhəsiz ki, əsərləri ilə öz dövrünə möhür vurmuş sənətkarlar sırasına aiddir. Onun yaratdığı abidələr, o cümlədən dəzgah əsərləri təkcə Azərbaycan heykəltaraşlığı tarixində deyil, həm də bütöv bir nəsilə məxsus insanların şüurlarında sarsılmaz yer tutmuşdur. Əsərlərdə dəyişməz surətdə romantik pafosa keçirilən tipik, ümumiləşdirilmiş başlanğıc obrazların lirik, kameral, bəzən hətta intim xüsusiyyətləri ilə heyrətamiz dərəcədə uzlaşma yaradır. İşin miqyasından asılı olmayaraq, istənilən əsərindəki monumentallıq portret və psixoloji xarakter dəqiqliyi ilə qoşa dayanır. Adətən naturadan işləyən heykəltaraş təsvir etdiyi obrazları bir qayda olaraq simvolik səsləşmə həddinə çatdırır. Bütün bu deyilən xüsusiyyətləri sənətkarın hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasının bəzəyi sayılan “Neftçilər”, “Oyanış”, “Gəncin portreti” əsərlərində müşahidə etmək mümkündür.
Həyat Abdullayeva, Münəvvər Rzayeva, Elmira Hüseynova kimi xanım heykəltaraşlar ən yaxşı əsərlərini məhz bu dövrdə, yəni 1950-ci illərin axırları və 1960-cı illər ərzində yaratdılar. Bu dövrdə Moskvadan Bakıya qayıdan Fazil Nəcəfov məxsusi, fərdi yaradıclıq manerası ilə hətta özündən xeyli təcrübəli həmkarlarının diqqət mərkəzinə düşür. Elə ilk işlərində F.Nəcəfov özünü qeyri-adi, müstəqil düşüncə tərzinə malik rəssam kimi təqdim etməyə başladı. Cəsarətlə demək olar ki, F.Nəcəfovun hər bir işi, istər dəzgah, istərsə də monumental əsəri bədii sənət hadisəsidir. Ümumiləşdirilmiş formaya meyillilik, formaların lokaniklik və arxitektonikliyi vasitəsilə dərin fəlsəfi anlayışın qabardılması, istifadə etdiyi materialın – qranitin, ağacın, əhəngin və ya bürüncün imkan verdiyi maksimum həddə ifadəliliyin bəyanı bu sənətkarın əsərlərini səciyyələndirən xüsusiyyətləridir.
Heykəltaraş öz yaradıcılığında qədim sivilizasiyanın müxtəlif təbəqələrinə də aktiv müraciət etmişdir. Elə bu səbəbdəndir ki, sənətkarın əsərlərində obrazların daxili xəyalpərəstliklə öz dünyasına yüklənməsi, sanki ayrı bir aləmdən boylanması müşahidə edilir və “heç bir ictimai tufan insan ruhunun gücü ilə yaradılmış bu “enerji” maneəsini, sarsılmaz səddi keçə bilməz” təəssüratı yaradır.
İllər ötdükcə ümumən Azərbaycan heykəltaraşlığı texniki ustalıq vərdişlərini daha yüksək templə inkişaf etdirir, məzmun rəngarəngliyi ilə daha çox zəngiləşir, incəsənətin bu növü üçün əsas sayılan insan obrazı dərin fəlsəfi və həyati anlayışların daşıyıcısına çevrilirdi. Belə ki, əsərlərdə təsvir olunan konkret şəxslərin konkret portret və yaxud abidələri daha geniş aspektdə simvolik səsləşmə qazanırdı.
Uzun illər ərzində davam edən tərəqqinin bəhrəsi olaraq müasir dövr Azərbaycan heykəltaraşları forma seçimində, mövzunun interpretasiyasında və material seçimində azaddırlar. Müasir texnologiyaları öz yaradıcılıqlarında tətbiq etməklə ənənəvi heykəltaraşlıq materiallarının yeni ifadə imkanlarını aşkarlayan sənət ustalarımız daim bədii dilin zənginləşməsinə can atırlar. Azərbaycan heykəltaraşları istər çox ağır yüklü, lakonik həcmli əsərlər, istər zərif, xırda detallardan ibarət fiqurlar, istərsə də abstrakt formaları yaradarkən müasir insan və onun ətraf mühitlə qarşılıqlı əlaqəsinə eyni dərəcədə diqqət yetirirlər.