Zaman inadkar faktordur. Ona görə də əminliklə söyləmək olar ki, burada təqdim olunan incəsənət nümunələri özünün sınaq müddətini uğurla başa vurmuş və həqiqətən də Azərbaycan təsviri sənətinin “Qızıl fondu” hesab edilməyə layiqli əsərlərdir. Və yalnız beləcə, keyfiyyətli, ruh enerjisinin yükü ilə doydurulmuş incəsənəti göstərməklə savadlı, zövqlü tamaşaçı tərbiyə etmək olar. Yalnız bu yolla incəsənətə özünün ilkin – mənəviyyat daşıyıcısı və ictimai həyatın ən həssas seysmoqrafı funksiyasını qaytarmaq mümkündür.
Məlumdur ki, incəsənət insan fəaliyyətinin bir növü olaraq onun ruh dünyası ilə qırılmaz tellərlə bağlıdır. İncəsənət, ilk növbədə dərin estetik təəssüratın, həyəcanın doğurduğu müsbət emosiyaların formalaşdırdığı tükənməz enerji toplusudur. Axı insanda yeməyə, istirahətə, yuxuya ehtiyac olduğu kimi, həm də gözəlliyə tələbat vardır…
Emosional təsirin geniş imkanlarına malik olduğuna görə incəsənət tarixən həm də ideoloji tərbiyə vasitəsi kimi qəbul olunmuşdur. Zaman-zaman müəyyən obrazlar və yaxud bədii süjet formasında insanlara təqdim edilən bu və ya digər ideyalar az qala şüuraltı səviyyədə inandırmaq gücünə malik, təkzibolunmaz arqumentlərə çevrilmişlər.
Heç şübhəsiz, incəsənət zamanla ayrılmaz vəhdətdədir. İncəsənət, əslində, faktların birbaşa əksindən daha çox, dövrün daxili mexanizmini, mövcud cəmiyyətin hisslərini, emosional həyatını əks etdirən güzgüdür – “Dövrün güzgüsü”! Öz zəmanəsinin, ölkəsinin, yaşadığı cəmiyyətin mədəniyyət və əxlaq normaları ilə formalaşmış sənətkarın “ruh məhsulu” kimi ərsəyə gələn artefaktlar – rəngkarlıq, qrafika, heykəltaraşlıq və digər sənət əsərləri – hansısa mənzərənin, hadisənin və yaxud insan portretinin sadəcə təsviri deyil, həm də bədii ifadə vasitələrinin köməyi ilə dövrün əsl simasını, ahəngini, xarakterini əks etdirən tarixi sənədlərdir.
İncəsənət elə zəngin mahiyyətə malik fenomendir ki, ona müraciət edərkən biz dövrün mahiyyətini anlayırıq. İncəsənətə müraciət edərkən biz gözəlliyin mahiyyətinə can atırıq, insan naturasının dərinliklərinə varırıq, nəhayət, özümüz-özümüzü dərk edirik. Elə buna görədir ki, muzey salonlarında nümayiş olunan sənət əsərlərini seyr edən insanda yaranan hisslərin, təəssüratın və qazanılan bilginin həmahəngliyi qədər yüksək harmoniyanı hər hansı başqa məkanda tapmaq çətin, bəlkə də, qeyri-mümkündür. Muzey salonlarını gəzərkən, özümüz də hiss etmədən təfəkkürümüzdə keçmişin və bu günün yaradıcı ruhu çözülür, sirlərlə dolu kainat və bu sirləri öyrənməyə can atan insan arasındakı gözəgörünməz, çox zərif, eyni zamanda çox vacib ünsiyyəti yaradan enerji dalğalarının ağuşuna düşürük. Axı sənət əsəri sayılan istənilən artefakt, əslində, rəssamın “könül telləri” ilə kosmosun uzlaşması anında yaranan “ruh tapıntısının” bar-bəhəridir. Məhz buna görə də istənilən artefakt unikaldır, çünki “burada və bu anda” baş verən və son nəticəyə özünəməxsus tərzdə təsir göstərən ayrı-ayrı faktorların kəsişmə nöqtəsidir.
İncəsənətə həsr edilmiş portal, yaxud albom özünəməxsus üstünlüklərə malikdir. Belə ki, portal, yaxud albom mənəvi məhsulun maddiləşməsi olmaqla həmişə əlçatandır, keçmişin mədəni irsi ilə ünsiyyət yaratmaq üçün daim açıq olan kanaldır. İstədiyimiz vaxtda və məkanda portalı ziyarət etmək, oradakı bilgiləri oxuyub mənimsəmək, şəkillərə baxmaq və ruhumuzla həmahəng olan şedevrlə təkbətək qalmaq imkanımız vardır. Eyni zamanda, incəsənətə aid portala müraciət edərkən muzey salonlarından fərqli olaraq daha bir imkan – kənar gözdən qorumaq üçün muzey kolleksiyalarının ehtiyat otaqlarında saxlanılan zəngin bədii yaradıcılıq qatlarına varmaq, ən müxtəlif sənət əsərlərini görmək, duymaq, qavramaq imkanı qazanırıq. Beləcə, portal və yaxud albomdakı bu və ya digər reproduksiya oxucu üçün əsl tapıntıya, kəşfə çevrilir.
Ümid edirik ki, Azərbaycan təsviri incəsənətinə həsr edilmiş bu portal oxucu üçün əsl tapıntı olacaqdır.
1972-ci ildə yaradılmış qalereyanın yaşı, əlbəttə ki, 1920-ci ildən etibarən hərtərəfli, müəyyən struktura malik fenomen kimi formalaşmağa başlayan Azərbaycan rəssamlıq sənətinin real yaşından qat-qat azdır. Amma buna baxmayaraq, qalereya fondunu təşkil edən sənət əsərləri ölkəmizin nəinki uzaq və yaxın tarixini, həmçinin kökləri çox qədim zamanlara gedib çıxan zəngin bədii, milli mədəniyyət irsini tam mənada əks etdirirlər. Müasir dövr Azərbaycan rəssamlıq məktəbinin təşəkkülü və inkişafı boyunca keçdiyi bütün mərhələləri, məqamları qalereyanın kolleksiyasındakı əsərlərdə görmək, duymaq mümkündür. Burada özü nə vaxtlarsa bədii və ideoloji mübahisələrin episentrində dayanmış əsərlərlə yanaşı, həm də keçmiş zamanlarda baş vermiş hadisə və faktları, həmçinin tarixi şəxsiyyətlərin rəsmlərini tabloya köçürməklə onların üzə çıxarılmasına, təbliğinə çalışan rəssamların tarixə münasibətini əks etdirən əsərlər də mühafizə olunur. İnsan yaddaşı belədir – bizə sadəcə bu gün yaşayıb-gördüklərimizi öyrənib-bilmək azlıq edir. Axı bu gün baş verənlər, əslində, müəyyən mənada dünən olmuşların davamıdır. Biz bu günü daha yaxşı dərk etmək və müəyyən mənada gələcəyimizi əvvəlcədən görə bilmək üçün keçmişə mütləq müraciət etməliyik…
Burada təqdim olunan rəssamlar müxtəlif nəsillərə, üslub istiqamətlərinə, müxtəlif yaradıcılıq əqidələrinə məxsus sənətkarlardır. Ancaq onların bu portal-albom səhifələrində “yanaşı” göstərməyimizə imkan verən ümumi bir özəllik vardır. Bu özəllik heç bir siyasi dəyişikliklərə məhəl qoymadan öz daxili qanunları ilə yaşayan yaradıcılıq təbiətidir. Vacib olan əsla bu və ya digər rəssamın hansı üslubda, hansı istiqamətdə işləməsi deyildir. Vacib olan həmin rəssamın yaradıcılığındakı əsas hərəkətverici qüvvənin əvvəlcədən aparılmış hesabatı deyil, məhz hisslərin, bəlli bir ruhun olmasıdır. Axı ruhun, hissin diqtəsi ilə yaranan incəsənət yalan danışa bilmir. Elə bu mənada da istənilən dövrün rəngkarlıq nümunələri həqiqəti ən düzgün əks etdirən təkzibolunmaz sənədlərdir.
Bu portal həyatı praqmatizm ruhu və adiliklərlə dolu tamaşaçıya hardasa lap yaxınlıqda, onun gündəlik həyəcanlanmalarına paralel olaraq, mənəvi dəyərlər və harmoniya dünyasının, gözəlliyi daxildən görməyi bacaran və bütün maddiyyatın öz mənasını itirdiyi saf bir dünyanın mövcud olduğunu xatırlatmaq cəhdidir.